“Səbail”in baş məşqçisi Mahmud Qurbanov tutduğu vəzifədən istefa verməsi ilə bağlı klub rəhbərliyinə müraciət edib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub. Qurbanova xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Mahmud Qurbanov bu ilin may ayında “Səbail”in baş məşqçisi təyin olunmuşdu. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin iyun ayına qədər idi. 49 yaşlı məşqçi “dənizçilər”i bütövlükdə 21 matça çıxarıb. Bu görüşlərdə 5 qələbə qazanan komanda 4 heç-heçə edib, 12 dəfə məğlubiyyətə üzülüb.
Qurbanov daha öncə Azərbaycan milli komandasında köməkçi məşqçi kimi işləyib, “Kəpəz”in baş məşqçisi olub. “Səbail”dən öncə isə o, “Neftçi”nin U-19 və gənclərdən ibarət komandalarına rəhbərlik edib.
Sonda onu da xatırladaq ki, “Səbail”in baş məşqçisi vəzifəsinə yeni təyinatla bağlı ictiamiyyətə yaxın günlərdə məlumat veriləcəyi bildirilir. Komandaya yerli və ya əcnəbi baş məşqçinin dəvət olunacağı hələ məlum deyil.


