Türkiyənin “Qalatasaray” klubu öz yetirməsi olan gənc müdafiəçi Emin Bayram ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025/26 mövsümünün sonunadək bu komandada qalacaq. Tərəflər arasındakı əvvəlki sözləşmə 2024-cü ilin yayında bitəcəkdi.
Emin Bayram 2019-cu ildən “Qalatasaray”ın əsas komandasında forma geyinir. O, indiyə qədər “sarı-qırmızılı” formada 17 oyuna çıxıb. Bu mövsüm 9 oyunda (Super Liqada 6, Türkiyə kubokunda 3) meydana çıxan futbolçu, əvvəlki mövsümlərdə “Boluspor”da icarədə də oynayıb. O, sözügedən klubda 40 oyuna 2 qol vurub.
Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığma komandalarında (U-15, U-16, U-17, U-18 və U-19) oynamış futbolçu, hazırda U-21-in uğurları üçün çalışır.


