İngiltərənin “Bristol Siti” klubunun qapıçısı Daniel Bentli Premyer Liqada mübarizə aparan “Vulverhempton” komandasına transfer olunub. Arena.az xəbər verir ki, bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb.
İngiltərədən olan qapıçı ilə 2.5 + 2 illik müqavilə imzalanıb. “Vulverhempton”un bu transfer üçün Çempionşip klubuna nə qədər təzminat ödədiyi açıqlanmır.
Daniel Bentli peşəkar karyerasına “Sautend Yunayted”də başlayıb. Daha sonra “Breyntri Taun” və “Brentford”da da oynamış futbolçu, 2019-cu ilin iyul ayından “Bristol Siti”də forma geyinirdi. O, bu klubun heyətində 143 matça çıxıb.
“Vulverhempton” öz qapıçısı Mariya Şarkiçi isə “Stok Siti” klubuna icarəyə verib. İngiltərə vətəndaşlığına malik Monteneqro əsilli qolkiper 2023-cü ilin 31 mayına qədər Çempionşip təmsilçisində forma geyinəcək.
Mariya Şarkiç 2020-ci ilin yayında “Aston Villa”dan “Vulverhempton”a gəlib. Premyer Liqa təmsilçisi əvvəlki mövsümlərdə onu “Şrusberi Taun” və “Birmingem Siti” klublarına da icarəyə verib. 25 yaşlı qolkiper vaxtilə “Aston Villa”da olanda da “Uiqan”, “Stratford Taun”, “Havant və Uoterluvill”, “Livinqston” kimi klublara icarəyə verilib. Monteneqronun aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, 2019-cu ildən əsas millidə forma geyinir. O, ölkəsinin yığmasında 6 matç keçirib.
“Vulverhempton” Portuqaliyadan olan hücumçusu Fabio Silvanı da Niderlandın PSV klubuna icarəyə verib. 20 yaşlı futbolçunun bu il 31 iyuna kimi icarədə oynayacağı açıqlanıb.
Fabio Silva “Portu”nun yetirməsidir. Gənc futbolçu 2020-ci ilin sentyabrında 40 milyon avro qarşılığında transfer olunduğu “Vulverhempton”da 62 oyuna cəmi 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Hücumçu bu mövsümün ilk hissəsini Belçikanın “Anderlext” klubunda icarədə keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.


