Erol Bulut “Qaziantep”dən qovuldu

Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” klubu komandanın baş məşqçisi Erol Bulut ilə yollarını ayırmağa qərar verib. Arena.az xəbər verir ki, elita təmsilçisi istefanı rəsmi saytı vasitəsilə elan edib.

Xəbərdə bunlar qeyd olunub: “Klubumuzda təxminən 1.5 mövsümdür baş məşqçi vəzifəsini yerinə yetirən Erol Bulutla yollarımızı qarşılıqlı razılıq əsasında ayırmağa qərar verdik. Erol Buluta və bütün köməkçilərinə təşəkkürümüzü bildiririk, bundan sonrakı karyeralarında uğurlar arzulayırıq”.

İstefaya komandanın Super Liqanın cari mövsümündəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib.

Qaziantep təmsilçisi Super Liqanın cari mövsümündə keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

E.Bulut 2021-ci ilin may ayından “Qaziantep”ə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında bütövlükdə 65 matça çıxıb. Super Liqa təmsilçisi bu görüşlərdə 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 məğlubiyyətə üzülüb.

47 yaşlı mütəxəssis daha öncə Super Liqada “Yeni Malatyaspor”, “Alanyaspor” və “Fənərbaxça”ya da rəhbərlik edib.