Futbol üzrə Belçika milli komandasının hücumameyilli yarımmüdafiəçisi Torqan Hazard Almaniyanın “Borussiya” (Dortmund) klubundan ayrılıb. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi 29 yaşlı vingeri Niderlandın PSV klubuna icarəyə verib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Futbolçunun bu mövsümün sonuna kimi Niderlandda çıxış edəcəyi açıqlanıb.
Torqan Hazard Fransanın “Lans” klubunun yetirməsidir. O, 2012-ci ildə “Çelsi”yə transfer olunsa da, bu komandada rəsmi oyuna çıxmayıb. Əvəzində futbolçu “Sulte Varegem” və “Borussiya” (Mönhenqladbax) klublarına icarəyə verilib. 2019-cu ildən isə o, Dortmund “Borussiya”sında çıxış edir. Belçikalı oyunçu bu komandada 122 oyuna 18 qol və 21 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi Belçika millisində 47 oyuna çıxıb, 9 qola imza atıb.
PSV sol cinah müdafiəçisi Filipp Maksı da Almaniyanın “Ayntraxt” klubuna icarəyə verib. Bundesliqa təmsilçisi Almaniyadan olan 29 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Filipp Maks “Şalke”nin yetirməsidir. O, ölkəsində “Karlsrue” və “Auqsburq”un da formasını geyinib. PSV-yə 2020-ci ildə transfer olunan futbolçu bu komandada 117 oyuna çıxıb, 8 qol və 20 məhsuldar ötürmə müəllifi olub. O, Almaniya yığmasında da 3 oyun keçirib.


