Dieqo Kokka – Meksika yığmasının yeni baş məşqçisi!

Argentinalı futbol mütəxəssisi Dieqo Kokka Meksika milli komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Lakin 51 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər şərtləri açıqlanmayıb.

Xatırladaq ki, Dieqo Kokka 2023-cü ilin 1 yanvarından etibarən Meksikanın “Tiqres UANL” klubunda baş məşqçi kimi fəaliyyətə başlamışdı. Lakin Meksika Futbol Federasiyasından aldığı təkliflə əlaqədar o, fevralın 9-da sözügedən klubdan ayrılmağa qərar verib. “Tiqres UANL” onun rəhbərliyi altında cəmi 5 matça çıxıb, 3 qələbə qazanıb və 2 heç-heçə edib.

Kokka daha öncə Meksikada “Atlas”, “Tixuana” və “Santos Laquna” kimi klublarda da çalışıb. Argentinada KAİ, “Qodoy Krus”, “Ximnasiya LP”, “Urakan”, “Defensa Xustisiya”, “Rasinq Klub” və “Rosario Sentral”a rəhbərlik etmiş məşqçi, Kolumbiyada “Millionarios”u da çalışdırıb.

Sonda onu da bildirək ki, Meksika yığmasına son olaraq, Xerardo Martino rəhbərlik edib. Lakin o, ötən il keçirilən DÇ-2022-dən sonra Meksika millisinin baş məşqçisi postundan ayrılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: