Samuel Adekuqbe “Hatayspor”u “Qalatasaray”a dəyişdi

Futbol üzrə Kanada milli komandasının və Türkiyənin “Hatayspor” klubunun sol cinah müdafiəçisi Samuel AdekuqbeQalatasaray”a keçib. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türkiyədəki dəhşətli zəlzələdən ən çox ziyan görən klublardan olan “Hatayspor”da ayrılıqlar başlayıb. Sözügedən klubdan ayrılan növbəti futbolçu da məhz Adekuqbe olub. O, bu mövsümün sonuna kimi satınalma şərti ilə “Qalatasaray”a keçib. Yayda İstanbul klubu futbolçunun transfer hüquqlarını da almaq istəsə, “Hatayspor”a 1 milyon avro ödəməli olacaq.

Samuel Adekuqbe 2021-ci ilin avqust ayından “Hatayspor”da forma geyinirdi. 28 yaşlı müdafiəçi bu komandada 56 oyun keçirib və cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Valerenqa”, “Göteborq”, “Brayton” və “Vankuver” kimi klubların da formasını geyinib. Müdafiəçi Kanada yığmasında da 37 oyun keçirib və 1 qol vurub.

Yeri gəlmişkən, “Hatayspor”un elitadakı mübarizəni bu mövsümün sonunadək dayandırmasından sonra klubdan ayrılan Kevin Varqanın da yeni iş yeri müəyyənləşib. “Hatayspor”dan azad agent kimi ayrılan macar futbolçu ölkəsinin “Debretsen”ə klubu ilə müqavilə bağlayıb.

Xatırladaq ki, Kevin Varqa “Hatayspor”a 2022-ci ilin avqust ayında “Kasımpaşa”dan azad agent kimi keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 12 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyədə daha öncə “Kasımpaşa”nın uğurları üçün çalışmış futbolçu, “Debretsen”, “Balmazuyvaroş”, “Siqand” və “Yanq Boyz”da da oynayıb. O, Macarıstan milli komandasında keçirdiyi 10 oyunda 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: