Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Argentina millisinin DÇ-2022-də iştirak etmiş heyətinə bahalı hədiyyə bağışlayıb. Arena.az xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, o, Argentina yığmasındakı komanda yoldaşları ilə yanaşı, millidə çalışan şəxləri də hədiyyəsiz qoymayıb. Təcrübəli futbolçunun onların hamısına qızıl örtüklü telefon hədiyyə etdiyi bildirilir. Messinin bütövlükdə 35 telefon üçün 175 min funt-sterlinq (təxminən 200 min avro) ödədiyi iddia olunur.
Xəbərdə adı açıqlanmayan mənbənin bu ifadələrinə də yer verilib: “Lionel həyatının ən qürur duyduğu anlarından biri üçün özəl bir addım atmaq istədi”.
Xüsusi hazırlanmış qızıl örtüklü telefonların dizayneri Ben Lyons da bu məsələ ilə bağlı açıqlama verib: “Lionel sadəcə bütün zamanların ən yaxşısı deyil. O, eyni zamanda bizim ən sadıq müştərilərimizdən biridir. Dünya çempionatının finalından sonra bizimlə əlaqə saxladı. Möhtəşəm zəfəri daha yaddaqalan etmək üçün bütün oyunçulara və heyətə özəl bir hədiyyə sifariş etdi. O, bu dəfə özəl dizayna malik saat yox, adların yazıldığı qızıl örtüklü telefonların hazırlanmasını istədi”.

Xatırladaq ki, Argentina milli komandası Qətərdə təşkil edilmiş DÇ-2022-nin finalında Fransa yığmasına qalib gələrək 36 illik fasilədən sonra dünya çempionu olub. Lionel Messi də 35 yaşında ilk dəfə dünya çempionu adını qazanıb. O, Qətərdəki mundialda 690 dəqiqə meydanda olub, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. DÇ-2022-nin ən yaxşı futbolçusu da məhz Messi elan edilib.




