Futbol üzrə UEFA Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında bu həftə üçün ən yaxşı oyunçuların adları açıqlanıb. Arena.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında aparılan sorğunun yekununda hər 3 turnirdə həftənin ən yaxşıları bəlli olub.
Çempionlar Liqasında 1/8 finalın 4 cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu “Benfika”nın (Portuqaliya) yarımmüdafiəçisi Rafa Silva seçilib. Portuqaliyadan olan 29 yaşlı futbolçu “Brügge”yə (Belçika) 5:1 hesabıyla qalib gəldikləri cavab matçında bir qol vurub.
Çempionlar Liqasında həftənin ən yaxşısı oyunçusu adına Mark Kukurelya (“Çelsi”, İngiltərə), Tomas Müller (“Bayern”, Almaniya) və Fikayo Tomori (“Milan”, İtaliya) də namizəd idi.
Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu “Yunion”un (Belçika) hücumçusu Viktor Bonifase seçilib. Nigeriyadan olan 22 yaşlı forvard “Union Berlin”ə (Almaniya) qarşı keçirdikləri oyunda (3:3) dubl müəllifi olub.
Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Edmond Tapsoba (“Bayer”, Almaniya), Bruno Fernandes (“Mançester Yunayted”, İngiltərə) və Paulo Dibala (“Roma”, İtaliya) da namizəd idi.
Konfrans Liqasında isə 1/8 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına “Vest Hem”in (İngiltərə) hücumçusu Maykl Antonio layiq görülüb. Yamaykadan olan 32 yaşlı forvard AEK-ə (Larnaka, Kipr) 2:0 hesabıyla qalib gəldikləri səfər matçında dubla imza atıb.
Konfrans Liqasında həftənin ən yaxşısı oyunçusu adına Yesper Karlsson (“Alkmaar”, Niderland), Vladimir Vayss (“Slovan”, Bratislava, Slovakiya) və Antonio Miliç (“Lex”, Polşa) də namizəd idi.


