İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Siti” klubunun mərkəz müdafiəçisi Yannik Vesterqor əvəzedici heyətə göndərilib. Arena.az xəbər verir ki, buna danimarkalı futbolçunun baş məşqçi Brendon Rocersi tənqid etməsi səbəb olub.
Vesterqor ölkəsinin mətbuatına açıqlamasında baş məşqçinin qərarlarını tənqid edib, az oynamasından şikayətlənib. O, “EkstraBladet” nəşrinə açıqlamasında bunları qeyd edib:
“Brendan Rocers və klub necə bir oyunçu transfer etdiklərini bilirdi. “Sauthempton”da olarkən məni həqiqətən istəyirdilər. Mənim güclü və zəif cəhətlərimdən xəbərləri var idi. Hər şey bir anda oldu. Niyə oynayamadığımı anlaya bilmirəm. Həqiqətən, çox qəribədir”.
Yerli mətbuata açıqlama verən Brendan Rocers isə bu məsələ ilə bağlı qısa danışıb: “Verdiyi müsahibə klubdan icazəsiz olduğu üçün çox danışmayacağam. Baş verənlərə görə şokdayam”.
Xatırladaq ki, təcrübəli futbolçu bu mövsüm “Lester Siti”də cəmi 4 oyuna çıxıb. Məhz buna etiraz edən 30 yaşlı mərkəz müdafiəçisi artıq əsas komandanın məşqlərinə də qatılmayacaq. Futbolçunun fərdi məşqlərlə kifayətlənəcəyi diqqətə çatdırılıb.
Yannik Vesterqor “Lester Siti”yə 2021-ci ilin avqust ayında “Sauthempton”dan 17.6 milyon avro qarşılığında gəlib. O, bu komandanın heyətində bütövlükdə 23 rəsmi matça çıxıb. Danimarkalı müdafiəçi karyerası ərzində “Borussiya” (Mönhenqladbax), “Hoffenhaym” və “Verder” kimi klubların da formasını geyinib. O, Danimarka milli komandasında da 35 oyuna 2 qol vurub. Futbolçunun “Lester Siti” ilə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədərdir. Amma bu gedişlə onun elə 2023-cü ilin yayında klubdan ayrılması istisna edilmir.


