Rıza Çalımbay Super Liqanın rekordçusuna çevrildi

Türkiyə Super Liqasının 26-cı turunda baş tutan “Ankaragücü” ilə ev oyunu “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Türkiyə çempionatında ən çox oyuna çıxan baş məşqçiyə çevrilib.

“Ankaragücü” ilə oyun bu baxımdan onun 622-ci matçı olub. Bundan əvvəlki rekord digər türkiyəli mütəxəssis Samet Aybabaya məxsus idi – 621 oyun. Sivas təmsilçisinin çalışdırıcısı mövsümün sonunadək postunda qalacağı halda bu rekordunu bir qədər də əlçatmaza çevirmək şansına malikdir.

Xatırladaq ki, “Sivasspor” baş məşqçisinin tarixə keçdiyi bu qarşılaşmada “Ankaragücü” komandasını 2:0 hesabıyla məğlub edib.

Çalımbay 2019-cu ilin iyun ayından “Sivasspor”a rəhbərlik edir. Sivas təmsilçisi bu müddət ərzində onun rəhbərliyi altında 179 matça çıxıb. Bu görüşlərdə 75 qələbə qazanan sivaslılar, 50 heç-heçəyə razılaşıblar, 54 dəfə məğlubiyyətə üzülüblər. “Sivasspor” ötən mövsüm Çalımbayın rəhbərliyi altında tarixində ilk dəfə Türkiyə kubokunun qalibi olub. Bu, elə təcrübəli mütəxəssisin də ilk uğuru kimi tarixə düşüb.

Çalımbay “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Beşiktaş”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor” və “Konyaspor”a da rəhbərlik edib. O, daha öncə 2010-2013-cü illər aralığında da Sivas təmsilçisində baş məşqçi olub.

Sonda Türkiyə Super Liqasında ən çox oyuna komanda çıxarmış baş məşqçilərin siyahısını təqdim edirik:

  1. Rıza Çalımbay – 622
  2. Samet Aybaba – 621
  3. Şenol Günəş – 593
  4. Aykut Kocaman – 542
  5. Yılmaz Vural – 542
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: