Mesut Özil futbolçu karyerasını bitirdi

Futbol üzrə Almaniya millisinin sabiq üzvü, Türkiyənin “Başakşəhər” klubunun yarımmüdafiəçisi Mesut Özil karyerasını başa vurub. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabındakı paylaşımla açıqlayıb.

“Uzun müddət düşündükdən sonra peşəkar futboldan ayrılmağa qərar verdiyimi açıqlamaq istəyirəm. 17 illik peşəkar futbol həyatım oldu. Bu fürsətə sahib olduğum üçün inanılmaz dərəcədə şanslıyam. Son aylarda və həftələrdə aldığım bəzi zədələrdən sonra bəlli oldu ki, təqaüdə çıxmaq barədə qərar verməliyəm.

Bu, unudulmaz xatirələr və duyğularla dolu gözəl bir səyahət idi. “Şalke”, “Verder”, “Real”, “Arsenal” və “Başakşəhər”, məni dəstəkləyən komanda yoldaşlarıma təşəkkür edirəm.

Ailə üzvlərimə və yaxın dostlarıma xüsusi təşəkkür edirəm. Bu yolda onlar mənim həyatımın bir parçası oldular.

Həyat yoldaşım və uşaqlarımla gələcəyə baxıram. Məndən zaman-zaman sosial media kanallarımda xəbər alacaqsınız. Tezliklə görüşərik”.

Mesutun formasını geyindiyi əksər klubların adını çəkib, təşəkkür etdiyi halda, “Fənərbaxça”nı yada salmaması diqqət çəkib.

Xatırladaq ki, Mesut Özil “Başakşəhər”ə 2022-ci ilin iyul ayında məhz “Fənərbaxça”dan ayrılaraq azad agent kimi keçmişdi. O, İstanbul təmsilçisi ilə 1+1 illik sözləşməyə imza atmışdı. Amma ağır zədələr səbəbindən yarımmüdafiəçi bu komandada cəmi 7 matça çıxa bilib.

Özil “Fənərbaxça”ya da 2021-ci ilin yanvarında İngiltərənin “Arsenal” klubundan azad agent kimi gəlmişdi. Lakin onun İstanbul təmsilçisindəki karyerası da uğurlu alınmayıb. Xüsusilə ötən mövsümün gedişində məşqçilərlə problem yaşayan futbolçu heyətdən kənarlaşdırılmışdı. Özil “Fənərbaxça”da cəmi 37 matça çıxıb, 9 qola imza atıb və 3 məhsuldar ötürmə müəllifi olub.

Əslən türk olmasına baxmayaraq, Mesut Almaniyada dünyaya göz açdığı və bu ölkənin vətəndaşlığın daşıdığı üçün, Almaniya yığmasında oynamağa qərar verib. O, bu ölkənin millisində 92 oyuna çıxıb, 23 qol vurub. Özil 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Yarımmüdafiəçi əvvəllər “Şalke” (39 oyun, 1 qol, 5 məhsuldar ötürmə), “Verder” (108 oyun, 16 qol, 54 məhsuldar ötürmə), “Real” (159 oyun, 27 qol, 81 məhsuldar ötürmə) və “Arsenal”ın (254 oyun, 44 qol, 79 məhsuldar ötürmə) da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: