Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində baş tutan “Qəbələ” ilə ev oyunu “Sabah” üçün əlamətdar olub. Arena.az xəbər verir ki, dramatik keçən matçdan 3:2 hesablı qələbə ilə ayrılan paytaxt təmsilçisi tarixi ilklərə imza atıb.
Belə ki, sözügedən klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Hazırda turnir cədvəlində 2-ci pillədə olan Murad Musayevin komandası sona 8 tur qalmış 4-cü yerdə qərarlaşan “Zirə”ni 27 xal qabaqlamaqla bu hüququ əldə edib. Hazırda “Sabah”ın 65, “Zirə”nin isə 38 xalı var. Bu isə o deməkdir ki, Masazır klubu ən azı 3-cü pilləni – bürünc mükafatı özü üçün təmin edib. Bununla da “Sabah” Premyer Liqada çıxış etdiyi 5-ci mövsümdə ilk dəfə medalçı olub. Lakin komandanın mövsümü hansı əyarlı medalla bitirəcəyi mövsümün sonunda bilinəcək. Çünki indiki məqamda Masazır təmsilçisinin hətta çempionluq şansları da var.
Xatırladaq ki, daha əvvəl lider “Qarabağ” da avrokuboklarda iştirak hüququ əldə etmişdi. Hazırda bu komandanın hesabında 74 xal var. “Neftçi” isə 57 xalla üçüncü pillədə qərarlaşıb.


