Qadınlar arasında keçirilən voleybol üzrə Azərbaycan çempionatının (Yüksək Liqa) 2022/2023 mövsümünün qalibləri bəlli olub. Arena.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində üçüncülük uğrunda və finalın son qarşılaşmaları keçirilib.
İlk olaraq meydana bürünc medal üçün yarışan “Murov” və UNEC kollektivləri çıxıblar. Cütün ilk iki matçında quru hesabla qələbə qazanmış “Murov” bu görüşə də yaxşı başlayıb. İlk setdən üstün oyun nümayiş etdirən Vüqar Əliyevin yetirmələri meydandan 3:0 (25:19, 25:15, 25:16) hesablı qələbə ilə ayrılıb. Bununla da “Murov” Yüksək Liqanın bürünc medalına sahib çıxıb. UNEC isə ölkə birinciliyini dördüncü pillədə başa vurub.
Günün növbəti görüşü çempionluq uğrunda mübarizə aparan “Azərreyl” və “Abşeron” komandaları arasında olub. Bu komandaların ilk iki qarşılaşmasında “Azərreyl”in quru hesablı qələbəsi qeydə alınmışdı. Qızıl medal şansını davam etdirmək üçün “Abşeron” bu matçda mütləq qalib gəlməli idi. Oyuna daha yaxşı başlayan “Azərreyl” Famil Ağayevin yetirmələrinin ciddi müqavimətilə üzləşib. Bununla belə komanda təşəbbüsü əldən verməyib və 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gəlib.
Beləliklə, finalın hər üç matçında rəqibini məğlub edən “Azərreyl” Azərbaycan çempionu adını qazanıb. “Abşeron” isə Yüksək Liqanın gümüş medalı ilə kifayətlənməli olub.
Beləliklə, 2022/2023 illər mövsümündə ölkə birinciliyinin qalibi “Azərreyl” olub. İkinci və üçüncü yerləri müvafiq olaraq “Abşeron” və “Murov” klubları tutublar. UNEC isə çempionatı dördüncü pillədə bitirib.
Qadın komandaların mükafatları kişilərin çempionatı başa çatdıqdan sonra eyni gündə təqdim olunacaq.
Yüksək Liqa (qadınlar)
18 aprel
Finalın üçüncü oyunu
“Azərreyl” – “Abşeron” 3:0 (25:16, 25:18, 25:15)
Bürünc medal uğrunda üçüncü oyun
“Murov” – UNEC 3:0 (25:19, 25:15, 25:16)
Bu komandaların əvvəlki oyunlarında qeydə alınmış nəticələr:
Finalın birinci oyunu
“Azərreyl” – “Abşeron” 3:0 (26:24, 25:22, 25:13)
Bürünc medal uğrunda birinci oyun
“Murov” – UNEC 3:0 (25:14, 25:12, 25:16)
Finalın ikinci oyunu
“Abşeron” – “Azərreyl” 0:3 (19:25, 20:25, 22:25)
Bürünc medal uğrunda ikinci oyun
UNEC – “Murov” 0:3 (11:25, 14:25, 9:25)


