“Neftçi”nin və milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudov Azərbaycan çempionatında 150-ci oyununu keçirib. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün 28-ci turuna təsadüf edib.
“Turan Tovuz”la səfər matçı “ağ-qaralar”ın kapitanı üçün əlamətdar olub. O, Premyer Liqada keçirdiyi 150 oyunun hamısında “Neftçi” forması geyinib.
Debütü 2017/18 mövsümünə təsadüf edən Emin bu görüşlərdə 37 qola imza atıb. Yarımmüdafiəçi klub tarixində Azərbaycan çempionatında 150 və daha çox matça çıxan 6-cı futbolçudur. 1992-ci ildən keçirilən yarışda Mahmudova qədər 5 oyunçu ağ-qara forma ilə ən azı 150 dəfə meydana çıxıb.
Xatırladaq ki, “Neftçi” bu qarşılaşmada 0:4 hesabı ilə uduzub.
Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışır. O, paytaxt təmsilçisində keçirdiyi 187 oyunda 49 qol və 48 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 39 oyuna 10 qol vurub.


