Mats Hummels daha bir il “Borussiya”da! – Rəsmi

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels klubla mövcud müqaviləsinin müddətini daha bir il uzadıb.

Arena.az xəbər verir ki, 34 yaşı futbolçu karyerasının qürubuna rəğmən hələ də dortmundlular üçün vacib fiqur olaraq qalır.

Hummels cari mövsümdə Bundesliqada 29 oyun keçirib və 6 oyunda qapısını “quru” saxlamaqda komandasına kömək olub. O, Almaniya kubokunda və Çempionlar Liqasında isə 4 oyunda forma geyinib.

Hummelsin mövsümü qalib bitirmək üçün əla imkanı var. Bunun üçün “Borussiya” Bundesliqanın son turunda qalib gəlməli və ya ən yaxın izləyicisi “Bayern”in büdrəməsini gözləməlidir.

“Borussiya”nın icraçı direktoru Hans-Yoaxim Vatske klubun rəsmi saytına müsahibəsində bunları deyib: “Mən çox şadam ki, Hummels daha bir il “Borussiya”da qalır. O, özünü klubumuzla qüvvətlə eyniləşdirir. “Borussiya” və Mats sadəcə bir-biri üçün yaradılıblar”.

Klubun idman direktoru Sebastyan Kel isə bunları əlavə edib: “Hummelsin təcrübəsini və liderlik keyfiyyətlərini nəzərə alsaq, çox yaxşı ki, Mats əvvəlki kimi, növbəti mövsümdə də bizim gənc komandamız üçün əlçatan olacaq. O, bu komanda üçün çox, çox vacib oyunçudur. Çünki Hummels ierarxiya və liderlik nöqteyi-nəzərindən komandaya çox şeylər verir”.

Xatırladaq ki, Mats Hummels “Borussiya”da 2007/2008 mövsümündən çıxış edir. Münhen əsilli mərkəz müdafiəçisi komandanın heyətində 468 oyun keçirib. Bu müddət ərzində Hummels iki dəfə Bundesliqanın qalibi (2011, 2012) olub. Almaniya kubokunu (2012, 2021) və Super Kubokunu (2013, 2014, 2019) qazanıb. Müdafiəçinin ən böyük uğuru isə 2014-cü ilə təsadüf edir. Mats Almaniya yığması ilə dünya çempionluğunu bayram edib.

Əgər “Borussiya” cari mövsümü çempion kimi başa vursa, Hummels klubu ilə Bundesliqanı üç dəfə qazanmış altıncı futbolçu kimi tarixə düşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: