Kevin De Bröyne: “İnter”dən açıq oyun gözləmirik”

Mançester Siti”nin futbolçusu Kevin De Bröyne Çempionlar Liqasında “İnter”ə qarşı keçirəcəkləri final oyunu öncəsi fikirlərini bölüşüb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən belçikalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

“Mən çoxdandır, bu klubdayam. Burada inanılmaz səkkiz il keçirmişəm. Heç şübhəsiz, parlaq məqamlar yaşamışam. Biz bu turnirdə iştirak etmişik, ancaq indiyə qədər qazana bilməmişik. Çempionlar Liqasında sabit oynadığımızı hiss edirəm və bizə sadəcə olaraq bu turniri ilk dəfə qazanmaq üçün bir üsul tapmaq gərəkdir. Bu, futbolçular, klub və azarkeşlərimiz üçün böyük uğur olacaq.

Mən bir komanda olaraq əldə etdiklərimizdən çox razıyam. Biz daha da inanılmaz nəyəsə nail olmaq üçün növbəti addımı atmaq istəyirik. Biz komanda olaraq çox şeyə nail olmuşuq və bunu gözəl futbol nümayiş etdirərək qazanmışıq, odur ki, xoşbəxtəm.

“İnter”in nəyi təcəssüm etdirdiyini bilirik. Onlar, adətən 3-5-2 və ya 5-3-2 sxemi üzrə, iki hücumçu və fəal müdafiəçilərlə oynayırlar. Onlar çox yaxşı müdafiə olunurlar, ona görə də açıq oyun gözləmirik. Bu barədə narahat olmağa dəyməz.

Oyunun əvvəlində elə də çox məqamlar olmayacaq. Biz bacardığımız kimi oynamğa çalışmalıyıq, orada isə ümidvaram, qol vəziyyətləri olacaq.

Çempionlar Liqasını qazansan, demək, bir oyunçu və komandanın bir hissəsi kimi əldə edə biləcəyin əsas məqsədlərdən birinə nail olmusan. İlbəil bu turnirdə iştirak etmək heyrətamizdir. Bir sıra inanılmaz oyunçulara qarşı oynamaq imkanım olub. Bizim bunun tamamlamaq şansımız olacaq”.

Xatırladaq ki, “Mançester Siti” ilə “İnter” arasında Çempionlar Liqasının final oyunu bu gün İstanbulun “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq. Matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: