2022/2023 mövsümünü B Seriyasında keçirən “Kalyari” komandası cəmi bir illik fasilədən sonra yenidən İtaliya A Seriyasına qayıdıb.
Arena.az xəbər verir ki, sözügedən komanda buna elitaya sonuncu vəsiqə uğrunda keçirilən pley-off görüşlərindən qalib ayrılmaqla nail olub.
Daha öncə İtaliya B Seriyasında 2022/2023 mövsümünün çempionu “Frozinone” ilə ikinci yeri tutmuş “Cenoa” A Seriyasına yüksəlmişdilər. Üçüncü vəsiqə uğrunda isə pley-off görüşləri təşkil olunub. Əvvəlcə 6-cı yeri tutmuş “Südtirol” komandası 7-ci olmuş “Recina”nı 1:0 üstələyib. 5-ci yeri tutmuş “Kalyari” isə 8-ci olmuş “Venetsiya”nı 2:1 yenib. Yarımfinalda mövsümün əsas hissəsini 3-cü pillədə başa vurmuş “Bari” ilə “Südtirol” komandaları üz-üzə gəliblər. Ev-səfər prinsipi ilə keçirilən bu mübarizədə “Bari” rəqibini mübarizədən kənarlaşdırmaqla ilk finalçı olub. “Kalyari” də mövsümü 4-cü pillədə bitirmiş “Parma”nı üstələyib. Həlledici oyunda “Bari” və “Kalyari” komandaları qarşılaşıblar. İki oyunun nəticəsinə görə 2:1 qalib olmuş Sardiniya təmsilçisi cəmi bir mövsümlük fasilədən sonra yenidən A Seriyasına qayıdıb.
Xatırladaq ki, təcrübəli Klaudio Ranyerinin çalışdırdığı bu komanda 2021/2022 mövsümündə 18-ci yeri tutaraq B Seriyasına yuvarlanmışdı.
Yeri gəlmişkən, bu gün həm də İtaliya A Seriyasına qalmaq uğrunda əlavə matç baş tutub. Mövsümün əsas hissəsini 31 xalla 17 və 18-ci pillələrdə başa vurmuş “Spetsiya” ilə “Verona” reqlamentə əsasən əlavə matç keçirmək məcburiyyətində qalıblar. Bu oyunda rəqibini 3:1 hesabıyla məğlub etməyi bacaran “Verona” elitada qalıb. 17-ci olmuş “Spetsiya” isə B Seriyasına yuvarlanıb.
Daha öncə 27 xalla 19-cu olmuş “Kremoneze” və 19 xalla sonuncu pilləni tutmuş “Sampdoriya” da A Seriyasını tərk etmişdi.


