Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Ruslan Abışov son iki ildə heyətində yer aldığı “Zirə” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında “Hər şeyə görə təşəkkür edirəm, “Zirə” Futbol Klubu” sözlərini qeyd edib.
Xatırladaq ki, Ruslan Abışov 2021-ci ilin iyul ayından paytaxt təmsilçisinin formasını geyinirdi. Təcrübəli oyunçu bu komandada cəmi 4 matça çıxıb və daha çox ehtiyatda qalıb.
Abışov karyerası ərzində “Neftçi” (107 oyun, 12 qol, 1 assist), “Qəbələ” (48 oyun, 4 qol), “Xəzər Lənkəran” (21 oyun, 2 qol, 1 assist), “Sabah” (13 oyun), “İnter” (indiki “Şamaxı”, 12 oyun, 5 qol, 1 assist) kimi klublarda da forma geyinib. O, Rusiyada legioner həyatı da yaşayıb. Millimizin sabiq üzvü Kazan təmsilçisi “Rubin”də 6 oyun keçirib.
Abışov Azərbaycan milli komandasında da 59 oyun keçirib, 4 qola imza atıb.
Xatırladaq ki, “Zirə” daha öncə Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu ilə yollarını ayırmışdı.


