Vinçentso Montella Türkiyə klubundan ayrıldı

Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor”un baş məşqçisi Vinçentso Montella Super Liqa klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klub prezidenti Murat Sancak yerli mətbuata açıqlamasında bildirib.

O, Montellaya illik 1 milyon 850 min avroluq yeni müqavilə təklif etdiklərini bildirib. İtaliyalı mütəxəssis isə ilinə 2 milyon 750 min avro istədiyi üçün yollarını ayırmağa qərar verdiklərini söyləyib.

Klub prezidenti Montellanın “Fənərbaxça”nın “sükanı arxasına” keçəcəyi barədə ehtimalı da dəyərləndirib: “Menecerlər vasitəsilə “Fənərbaxça”ya təklif olunduğunu bilirəm. Amma onlarla anlaşdıqlarını düşünmürəm. Bizə elə hörmətsizlik etməzlər. “Fənərbaxça”nın prezidenti də məndən heç bir şey soruşmayıb. Getsə də belə, xeyirli olsun”.

Xatırladaq ki, Vinçentso Montella 2021-ci ilin sentyabrından “Adana Dəmirspor”a rəhbərlik edirdi. 48 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 76 oyuna çıxarıb. Adana təmsilçisi bu görüşlərdə 38 qələbə qazanıb, 17 heç-heçə edib, 21 məğlubiyyətə üzülüb. Super Liqada geridə qalan mövsümü 69 xalla 4-cü pillədə başa vurmuş “Adana Dəmirspor” növbəti mövsümdə Türkiyəni Avropa Konfrans Liqasında təmsil edəcək.

Montella daha öncə İtaliyada “Roma”, “Kataniya”, “Fiorentina”, “Sampdoriya” və “Milan”a, İspaniyada “Sevilya”ya da rəhbərlik edib.

Yeri gəlmişkən, Murat Sancak “Adana Dəmirspor”un futbolçularından Henri Onyekurunun da böyük ehtimalla komandadan ayrılacağını bildirib. O, digər təcrübəli futbolçu Gökhan İnlerin isə karyerasını bitirməyə hazırlaşdığını söyləyib. Klub prezidenti 39 yaşlı Gökhanı karyerasını bitirsə belə, saxlayacaqlarını və akademiyada işlə təmin edəcəklərini bəyan edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: