Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Peter Boş bundan sonra Niderlandın PSV komandasına rəhbərlik edəcək.
Arena.az xəbər verir ki, bu barədə Eyndhoven klubunun rəsmi saytı məlumat yayıb.
May ayının sonunda Rud van Nistelroyla yollarını ayıran PSV rəhbərliyi onun əvəzində baş məşqçi postuna məhz Peter Boşu gətirib. Niderlanddan olan 59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Peter Boş son olaraq Fransanın “Olimpik” (Lion) klubunda çalışmışdı. O, 2022-ci ilin oktyabrında Liqa 1 təmsilçisindən ayrılandan bəri işsiz idi. Boş daha öncə “Bayer”, “Borussiya” (Dortmund), “Ayaks”, “Makkabi” (Təl-Əviv), “Vitess”, “Herakles Almelo”, “De Qrafşap” kimi komandaları da çalışdırıb.
Xatırladaq ki, PSV-yə 2022-ci ilin iyul ayından Rud van Nistelroy rəhbərlik edirdi. O, bu komanda ilə Niderland Kubokunu və mövsümün əvvəlində super kuboku qazanmasına baxmaraq, istefa verib. Rud van Nistelroy PSV-ni bütövlükdə 50 oyuna çıxarıb. Komanda bu görüşlərdə 34 qələbə qazanıb, 8 heç-heçə və 8 məğlubiyyət görüb. O, daha öncə Eyndhoven təmsilçisinin U-18 və U-21 komandalarına da rəhbərlik edib. 46 yaşlı mütəxəssis məşqçilik karyerasının ilk illərində isə Niderland millisində köməkçi məşqçi kimi çalışıb.
PSV Niderland Erediviziyasında geridə qalan mövsümü 75 xalla ikinci pillədə başa vurub. 82 xal toplamış “Feyenoord” çempion olub. Niderlandın ən titullu klubu “Ayaks” isə 69 xalla üçüncü yeri tutub.


