İngiltərənin “Mançester Yunayted” klubu əslən Konqodan olan mərkəz müdafiəçisi Aksel Tuanzebe ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.
25 yaşlı futbolçu ilə müqavilənin müddəti bu ayın sonunda başa çatır. Klub onu saxlamaqda maraqlı olmadığı üçün tərəflər yeni müqavilə bağlamayıblar. Tuanzebe azad agent kimi bu yay istədiyi kluba keçmək hüququna malikdir.
Xatırladaq ki, Aksel Tuanzebe “Mançester Yunayted”in öz yetirməsidir. O, klubun əsas komandasında cəmi 37 oyuna çıxıb. Müdafiəçi “Aston Villa”, “Napoli” və “Stok Siti” kimi klublarda icarədə oynayıb. İngiltərənin U-19, U-20 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi, əsas millidə debüt şansı qazanmayıb.
Yeri gəlmişkən, “Mançester Yunayted” qapıçıları – 37 yaşlı Tom Hiton və 23 yaşlı Natan Bişolla müqavilənin müddətini avtomatik 1 il artırıb. 21 yaşlı sağ cinah müdafiəçisi İtam Lerd və 19 yaşlı mərkəz müdafiəçisi Ris Bennettlə də bu ayın sonunda bitən müqavilənin müddəti gələn yaya qədər uzadılıb.
Komandanın əsas qapıçısı David De Xeanın da klubla müqaviləsinin müddəti bu ayın sonu bitir. Hazırda tərəflər yeni müqavilə ilə bağlı danışıqları davam etdirirlər. Bu üzdən ispan qapıçının komandada qalıb-qalmayacağı bilinmir.


