Meytlend-Nayls və daha 9 futbolçu “Arsenal”dan getdi

İngiltərənin “Arsenal” klubu sağ cinah müdafiəçisi Enzli Meytlend-Nayls ilə yollarını ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, müqaviləsinin müddəti başa çatan 25 yaşlı futbolçu ilə yeni sözləşmə imzalamağa ehtiyac duyulmayıb. Bu üzdən də ingilis müdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb.

Enzli Meytlend-Nayls “Arsenal”ın öz yetirməsidir. O, “topçular”ın əsas komandasında da 132 oyuna 3 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Geridə qalan mövsümü “Sauthempton”da icarədə keçirmiş futbolçu, əvvəllər “İspviç Taun”, “Vest Bromviç” və “Roma”da da icarədə oynayıb. O, İngiltərə yığmasında da 5 oyun keçirib.

“Arsenal” Meytlend-Naylsdan əlavə, daha 9 futbolçusu ilə yollarını ayırdığını açıqlayıb. Bunlar Zak Ave, Coel İdeho, Corc Luis, Mett Smit, Tom Smit, Kalil Qrin, Aleksandr Kovaçeviç, Tino Kvamina və Mateus Robertsdir. Bu oyunçuların “topçular”la müqaviləsinin müddəti 30 iyunda başa çatacaq. Klub onlarla əməkdaşlığı davam etdirməkdə maraqlı olmadığı üçün hamısı ilə vidalaşıb.

London klubunda 23 yaşlı vinger Reyss Nelsonla da müqavilənin müddəti bitib. Amma digərlərindən fərqli olaraq, klub onunla yeni müqavilə barədə danışıqları davam etdirir. Razılıq əldə olunsa, ingilis futbolçu indiki klubunda qalacaq.

Reyss Nelson da “Arsenal”ın yetirməsidir. O, əsas komandada keçirdiyi 66 oyunda 7 qol və məhsuldar ötürmə ilə yadda qalıb. Sağ cinah vingeri əvvəlki mövsümlərdə “Hoffenhaym” və “Feyenoord” kimi klublarda icarədə də olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: