Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Bornmut” komandasının baş məşqçisi Qari O’Nil postundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
40 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddəti bu ayın 30-da başa çatır. Klub onunla sözləşməni yeniləmək istəməyib. “Bornmut” ingilis mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Qari O’Nil 2022-ci ilin noyabrında “Bornmut”un baş məşqçisi təyin olunmuşdu. O, daha öncə bu komandada köməkçi məşqçi və baş məşqçi əvəzi kimi də çalışıb. Gənc mütəxəssis “Bornmut”u bütövlükdə 37 oyuna çıxarıb. Bu oyunlarda 11 qələbə qazanıb, 6 heç-heçə etmiş komanda 20 məğlubiyyətə üzülüb.
“Bornmut” geridə qalmış 2022/2023 mövsümünü 39 xalla 15-ci pillədə başa vurub. Komanda Premyer Liqadakı yerini qorusa da, bu nəticə klub rəhbərliyini qane etməyib. Yeni baş məşqçinin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək.
“Bornmut” dörd futbolçusu – Junior Stanislas, Cek Steysi, Cefferson Lerma və Kristian Saydi ilə də yollarını ayırdığını açıqlayıb. İlk üç futbolçunun klubla müqaviləsinin müddəti bitdiyi üçün, komandadan ayrılıblar. Rəhbərlik onları da saxlamaqda maraqlı olmayıb. Saydi isə “Portsmut”a satılıb. Amma bu keçidin detalları açıqlanmır.
İngiltərədən olan 33 yaşlı sol cinah vingeri Junior Stanislasın karyerasını harada davam etdirəcəyi hələ bilinmir. 27 yaşlı sağ cinah müdafiəçisi Cek Steysi “Norviç Siti” ilə razılığa gəlib. Kolumbiyadan olan 28 yaşlı yarımmüdafiəçi Cefferson Lerma isə Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”la anlaşıb.
“Bornmut” 24 yaşlı yarımmüdafiəçisi Markus Tavernye ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Tərəflər arasındakı sözləşmə 2028-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.


