Kovaçiçin transfer qiyməti ilə bağlı razılığa gələ bilmirlər

“Çelsi” və “Mançester Siti” “zadəganlar”ın xorvat yarımmüdafiəçisi Mateo Kovaçiçin transfer qiyməti ilə bağlı razılığa gələ bilmirlər.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, “Mançester Siti”nin təklifi ilə “zadəganlar”ın istədiyi məbləğ arasında fərq təxminən 2-3 milyon avro təşkil edir. Bununla belə, klublar transferlə bağlı yekun razılığa yaxındırlar.

Bildirilir ki, “Mançester Siti” ilə xorvat yarımmüdafiəçi arasında müqavilənin şəxsi şərtləri artıq razılaşdırılıb.

2022/2023 mövsümündə Kovaçiç “Çelsi”nin heyətində bütün 37 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

29 yaşlı Kovaçiçin London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Mateo Kovaçiçi 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: