FIFA 2030-cu ildəki dünya çempionatının (DÇ-2030) keçirilməsi üçün ərizələrin qəbuluna 2023-cü ilin üçüncü rübündə başlayacaq.
Arena.az bu barədə FIFA-ya istinadən xəbər verir.
Ali futbol qurumundan bildirilib ki, ev sahibinin təyin edilməsi isə 2024-cü ilin dördüncü rübündə baş tutacaq.
FIFA Şurası bütün maraqlı tərəflərlə əlavə məsləhətləşmələrə imkan vermək üçün prosesin rəsmi başlanmasını təxirə salmağa razılaşıb. Məqsəd mundialın yubileyinə – yüzüncü ildönümünə təsadüf edən turnirin lazımi səviyyədə keçirilməsini təmin etməkdir.
FİFA Şurası həmçinin ev sahibi ölkə üçün müvafiq tələbləri təsdiqləyib ki, bütün maraqlı assosiasiyalar turniri tam şəkildə keçirmək üçün lazımi infrastruktur, hüquqi tənzimləmə, ekoloji və sosial məqsədlərə nail olmaq və s. baxımından öhdəliklərin nədən ibarət olduğunu və necə həyata keçirilməsini daha yaxşı başa düşə bilsinlər.
Videokonfrans zamanı 2023-cü ilin sentyabrında başlayacaq DÇ-2026-nın seçmə mərhələsinin də tərtibatı təsdiqlənib.
Beynəlxalq futbol qurumunun mətbuat xidməti qurumun prezidenti Canni İnfantinonun bu xüsusda fikirlərini açıqlayıb:
“Dünya çempionatında görünməmiş sayda komandanın (48) iştirak edəcəyini nəzərə alsaq, turnir dünya futboluna böyük təsir göstərəcək, xüsusilə də indi daha çox ölkə dünya səhnəsində özünü sübut etmək imkanı qazanacaq”.
FIFA Şurası həmçinin ən yaxın tarixlərdəki bəzi yarışların ev sahibliyi ilə də bağlı qərarlarını açıqlayıb:
2023-cü ildə U-17 dünya çempionatına ev sahibliyi İndoneziyaya verilib;
2024-cü ildə qadınlar arasında U-20 dünya çempionatına ev sahibliyi Kolumbiyaya verilib;
2024-cü il qadınlar arasında U-17 dünya çempionatına ev sahibliyi Dominikan Respublikasına verilib;
2024-cü ildə futzal üzrə dünya çempionatına ev sahibliyi etmək Özbəkistana həvalə edilib.
Sonda onu da xatırladaq ki, DÇ-2030-a ev sahibliyi etməyə hazırda cəmi iki iddiaçı var: İspaniya, Portuqaliya və Mərakeş “trio”su və Argentina, Uruqvay, Çili və Paraqvay “kvartet”i.


