“Arsenal”ın baş məşqçisi Mikel Arteta adları bu klubun maraq dairəsində çəkilən futbolçular haqda fikrini bildirib.
Arena.az bu haqda “Marca”ya istinadən məlumat verir.
Məlumatda “topçular”ın “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays və “Çelsi”nin yarımmüdafiəçisi Kay Havertslə maraqlanması ilə bağlı şayiələrə Mikel Artetanın münasibəti əksini tapıb:
“Deklan Rays o qədər yaxşıdır ki, “Arsenal” onu 100 milyon avrodan da baha satın almağı nəzərdən keçirir? Mən klubda olmayan futbolçular haqda danışa bilmərəm. Mən heç nə danışmamağı üstün tuturam.
Haverts? İstedadın öz qiyməti var və “Arsenal”da bizə təcrübəli gənclər həmişə maraqlıdır. Təkrar edirəm, başqa klubların oyunçuları haqda danışmıram, amma Kayın məsələsində, o, artıq çox şeyi sübut edib, həmçinin çempion olub. O, cəmi 24 yaşlı, istedadlı, çoxşaxəli oyunçudur”.
Xatırladaq ki, daha əvvəl, Deklan Raysın transferi üçün “Arsenal” və “Mançester Siti”nin mübarizə apardığı bildirilmişdi. “Topçular” Havertsə sahib olmaq üçün əsas namizəd hesab edilirlər.


