Futbol üzrə Almaniya millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Kay Havertsin “Arsenal”a keçdiyi barədə xəbərlər yayılıb.
Arena.az bu barədə məsələni diqqətdə saxlayan alman jurnalist-insayder Florian Plettenberqə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “topçular” “zadəganlar”a bonuslar xaric, 75 milyon avro məbləğində ödəniş etməklə, Kay Havertslə 2028-ci ilə qədər müqavilə imzalayıblar. Havertsin keçidinin rəsmiləşdirmək üçün tibbi müayinədən keçməsi qalır. Müqavilənin qısa müddətdə həyata keçirilməsinə “topçular”ın baş məşqçisi Mikel Artetanın yarımmüdafiəçini tezliklə komandada görmək istəyinin əsas olduğu vurğulanır.
Xatırladaq ki, Haverts “Çelsi”yə 2020-ci ilin sentyabrında Leverkuzen “Bayer”indən keçib. Ümumilikdə Kay Haverts “Çelsi”nin heyətində 139 oyuna çıxıb, 32 qol vurub, 15 məhsuldar ötürmə verib. Havertslə “zadəganlar” arasında bağlanmış müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir.
“Transfermarkt” internet-portalı Kay Havertsi 55 milyon avro məbləğində qiymətləndirir.


