Futbol üzrə Ukrayna milli komandasının yarımmüdafiəçisi Ruslan Malinovski İtaliyanın “Atalanta” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, Fransanın “Olimpik” (Marsel) klubu bu ilin yanvar ayında icarəyə götürdüyü 30 yaşlı futbolçunun transfer hüquqlarını da alıb.
Fransızlar bunun üçün “Atalanta”ya 10 milyon avro ödəyiblər. Futbolçunun özü ilə imzalanmış müqavilənin müddəti açıqlanmır.
Ruslan Malinovski geridə qalan mövsümün ikinci hissəsində “Olimpik”də 23 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, 2019-cu ilin iyul ayından bu ilin əvvəlinə kimi formasını geyindiyi “Atalanta”da isə 143 oyuna 30 qol vurub, 28 məhsuldar ötürmə edib. Təcrübəli yarımmüdafiəçi “Genk”, “Zarya”, “Sevastopol” kimi klublarda da forma geyinib. O, Ukrayna milli komandasında da 55 oyuna çıxıb, 7 qol vurub.
Marsel “Olimpik”i öz hücumçusu Luis Xavyer Suaresi də İspaniyanın “Almeriya” klubuna satıb. La Liqa klubu Kolumbiyadan olan 25 yaşlı forvardı bu ilin yanvarında icarəyə götürmüşdü. İspanlar futbolçunun çıxışından razı qaldığı üçün, 8 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıblar. “Almeriya” da yeni transferi ilə müqavilənin müddətini açıqlamayıb.
Luis Xavyer Suares geridə qalan mövsümün ikinci dövrəsində “Almeriya”nın heyətində 21 oyuna çıxıb, 4 qol və 5 assistlə diqqət çəkib. O, 2022-ci ilin iyulundan formasını geyindiyi Marsel “Olimpik”ində isə cəmi 11 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb. Kolumbiyalı forvard “Qranada”, “Saraqosa”, “Ximnastik de Tarraqona”, “Rekreativo”, “Valyadolid” kimi klublarda da forma geyinib. O, Kolumbiya millisində keçirdiyi 4 oyunda fərqlənə bilməyib.
“Almeriya” da ötən ilin yayında “Alaves”ə icarəyə verdiyi Nikola Maraşla vidalaşmaq məcburiyyətində qalıb. La Liqaya yenicə vəsiqə qazanmış “Alaves” 1,5 milyon avro ödəməklə onun transfer hüquqlarını alıb. Serbiyadan olan 27 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
Nikola Maraş daha öncə “Rad”, “Şaveş”, “Rayo Valyekano” kimi klublarda forma geyinib. O, “Almeriya”da keçirdiyi 71 oyunda 4 qol və 1 assist müəllifi olub. Müdafiəçi geridə qalan mövsümdə “Alaves”in heyətində 20 oyun keçirib.


