“Barselona”ya keçən “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “şəhərlilər”in hücumçusu Erlinq Halandın perspektivlərindən söz açıb.
Arena.az “The Players Tribune” portalına istinadən Gündoğanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Doğrusu, Erlinq “Mançester Siti”yə keçəndə nə gözləyəcəyimi bilmirdim. Onun qollarını və Dortmundda aldığı bütün diqqəti görürsən və onun komandaya uyğun olub-olmayacağı haqda düşüncəyə dalırsan.
Biz görüşəndə, belə istedadlı oyunçunun hələ də günbəgün daha da yaxşılaşmaq istəməsinə təəccübləndim. O, heç vaxt tam razı olmayacaq.
Mənə elə gəlir ki, onun üçün heç bir məhdudiyyət yoxdur. Messi və Ronaldo onun çata biləcəyi səviyyəni təcəssüm etdirən yeganə müqayisədir”, deyə Gündoğan bildirib.
Geridə qalmış debüt mövsümündə Haland “Mançester Siti”nin heyətində 53 oyuna çıxıb, 52 qol vurub, 9 məhsuldar ötürmə verib. Haland komandası ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb. Ulduz hücumçu 36 qolla Premyer Liqanın ən sərrast futbolçusu olmaqla yanaşı, “Qızıl buts”a sahib olub, həmçinin 12 qolla UEFA Çempionar Liqasının bombardi adını qazanıb.
“Transfermarkt” internet-portalı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Mançester Siti” ilə müqaviləsinin müddəti bitən İlkay Gündoğan ötən gün “Barselona” ilə 2+1 illik sözləşməyə imza atıb.


