Ötənlərin məşhur italyan futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Andrea Pirlo “Sampdoriya”yanı çalışdıracaq.
Arena.az bu barədə italyan jurnalist-insayder Canluka di Marsioya istinadən xəbər verir.
Məlumata görə, hazırda müqavilənin bağlanması prosesi gedir. Müqavilə, daha bir il müddətinə uzadılmaq imkanı ilə iki il müddətinə nəzərdə tutulub. Bundan əvvəl Pirlonun “Sampdoriya” rəhbərliyi ilə üç görüşü olub. Sonuncu görüş dünən, iyunun 26-da baş tutub.
“Sampdoriya”ya rəhbərlik “Frozinone”nin sabiq baş məşqçisi Fabio Qrossoya həvalə edilə bilərdi, ancaq danışıqlar uğursuzluqla nəticələnib.
Pirlo məşqçilik fəaliyyətinə futbolçu kimi çıxış etdiyi “Yuventus”da başlayıb. İtalyan mütəxəssisin son iş yeri Türkiyənin “Fatih Karagümrük” klubu olub. O, sözügedən klubla mövsümün sonunda yollarını ayırıb.
“Sampdoriya”ya gəlincə, komanda mövsümü A Seriyasının dibində başa vurub. 38 oyunda 19 xal toplamış Genuya təmsilçisi B Seriyasına yuvarlanıb.


