“Arsenal” “Vest Hem”ə yarımmüdafiəçisi Deklan Rays üçün bonuslar da daxil olmaqla 122 milyon avro məbləğində təklif ünvanlayıb.
Arena.az bu barədə, məsələni diqqətdə saxlayan ingilis jurnalist-insayder Devid Ornşteynin “Twitter” hesabına istinadən xəbər verir.
Məlumata görə, “Vest Hem” “topçular”ın müvafiq təklifinə rədd cavabı verib. “Çəkicdöyənlər”in “topçular”ın təklifini müsbət qarşılayacağı halda bu transferin ingilis futbolçular üçün rekord məbləğ ola biləcəyi vurğulanır.
2021-ci ilin yayında “Mançester Siti” Cek Qriliş üçün “Aston Villa”ya 117,5 milyon avro ödəyib. Bu, yalnız bir ingilis futbolçu üçün deyil, bütün britaniyalı futbolçular üçün rekord məbləğdir. Çox güman ki, “Vest Hem” Deklan Raysa görə təxminən 128 milyon avro tələb edəcək. Ancaq bu məbləğin zəmanətli hissəsinin ödənişlərini “Arsenal”ın nəzərdə tutduğu beş il ərzində deyil, mümkün qədər tez ödənilməsini tələb edəcək.
Deklan Rays üçün digər iddiaçı isə ən yaxşı ödəniş şərtlərini təklif edən “Mançester Siti”dir. Ancaq “şəhərlilər”in təklif etdiyi məbləğ açıqlanmasa belə, həmin məbləğin “topçular”ın təklif etdiyi məbləğə çatmadığı xüsusilə qeyd edilir.


