Frederik Antonetti Liqa 1 klubundan ayrıldı

Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Strasburq” komandasının baş məşqçisi Frederik Antonetti istefa verib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransadan olan 61 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Frederik Antonetti bu ilin fevral ayında Strasburq təmsilçisinin “sükanı arxasına” keçmişdi. Fransa klubu onun başçılığı altında 2022/23 mövsümündə 15 oyuna çıxıb (6 qələbə, 4 heç-heçə, 5 məğlubiyyət) və 22 xal toplayıb. Nəticədə, “Strasburq” mövsümü 15-ci pillədə başa vurub, elitada qalıb.

Xatırladaq ki, keçən həftə İngiltərənin “Çelsi” klubunu satın alan “Clearlake Capital Group” 75 milyon avro ödəyərək “Strasburq”un səhmlərinin bir hissəsini alıb. Baş məşqçinin istefasının da məhz bununla əlaqədar olduğu ehtimal edilir. Antonetti daha öncə “Mets”, “Lill”, “Renn”, “Nitsa”, “Sent Etyen”, “Bastiya”, “Qamba Osaka” kimi komandalara da rəhbərlik edib.

“Strasburq”un müdafiəçisi Maksim Le Marşan da klubdan ayrılıb. 33 yaşlı futbolçu karyerasını başa vurmaq qərarına gəlib. Fransız futbolçu 2021-ci ildən formasını geyindiyi bu komandada 39 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Le Marşan “Havr”, “Nitsa”, “Fulhem”, “Antverpen”, “Renn” kimi klubların da formasını geyinib.

“Strasburq”un sol cinah yarımmüdafiəçisi Dimitri Lyenar da klubdan ayrılıb. 35 yaşlı vinger 2013-cü ildən formasını geyindiyi bu komandada 327 oyuna çıxıb, 33 qol və 44 assistlə yadda qalıb. Təcrübəli yarımmüdafiəçi daha öncə “Belfor” və “Müluz”da da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: