Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv üçüncü sınaq matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə üz-üzə gəlib.
Sofiya ÇSKA-sı geridə qalan 2022/2023 mövsümündə 35 oyuna 84 xal toplayaraq Bolqarıstan çempionatının gümüş medallarını qazanıb. Bu komanda çempion “Ludoqorets”dən cəmi 1 xal geri qalıb.
“Vörgl Arena”da baş tutan bu rəqiblə oyunun taleyini bir qol həll edib. İlk yarının sonunda Redon Cicanın vurduğu qol ağdamlılara toplanış çərçivəsindəki ilk qələbəni rəsmiləşdirmək üçün bəs edib.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk sınağında Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşmışdı. Həmin oyunda qalib müəyyənləşməmişdi – 3:3. Ağdam klubu Kössendə Polşanın “Legiya” (Varşava) komandaısna qarşı keçirdiyi oyunda da 0:2 hesablı məğlubiyyətə üzülmüşdü.
Azərbaycan çempionu sabah – iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllüttariqə yola düşəcək.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinin 1-ci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq. Cəbəllüttariq çempionu ilə ilk oyun iyulun 11-də səfərdə, cavab görüşü isə ayın 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Yoxlama oyunu
4 iyul
“Qarabağ” – ÇSKA (Sofiya) 1:0
Qol: Redon Cica, 42.
Avstriya. “Vörgl Arena”.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romeo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 19. Redon Cica.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 83. Nihad Quliyev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 18. Juninyo Vieyra.
Baş məşqçi: Qurban Qurbanov.


