Mahir Emreli: “Mənim üçün bundan əla heç nə ola bilməz”

Bu yay müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdan azərbaycanlı hücumçu Mahir Emreli Xorvatiya mətbuatına müsahibə verib.

Arena.az xəbər verir ki, qış fasiləsindən sonra Türkiyənin “Konyaspor” klubunda icarədə oynamış 26 yaşlı futbolçu Xorvatiya çempionunda yanvardan bu yana bəzi yeniliklər olduğunu bildirib:

“Dinamo”nu, Zaqrebi sevirəm. Türkiyədə müəyyən təcrübə qazandım və yeni imkanlar uğrunda mübarizə aparmaq üçün buraya qayıtdım. Komandada ilk növbədə baş məşqçi və heyət dəyişib. Təbii ki, çoxlu tanış simalar və köhnə oyunçular var. Lakin yeni istedadlı oyunçular da çoxdur”.

O, “Konyaspor”a keçməsində “Dinamo”nun sabiq baş məşqçisi Ante Çaçinin rolu olduğunu gizlətməyib: “Başqaları – azarkeşlər, media sənin haqqında müsbət fikir bildirə bilər. Amma əsas baş məşqçinin düşüncələridir. Həmin vaxt Çaçinin planlarına daxil olmadığım üçün icarə əsasında hansısa komandaya getməyə qərar verdim. Çünki oyun praktikası hər bir futbolçu üçün önəmlidir”.

Emreli Çaçinin qərarına görə narahat olmadığını vurğulayıb: “Futbolçu həyatı belədir. Təbii ki, məqsədim “Dinamo”da qalıb rəqabət aparmaq idi. Bu klubun necə iddialı olduğunu bilirəm. Mənim üçün “Dinamo”da oynamaqdan əla heç nə ola bilməz. Amma ön planda olmayanda özünə baxmalı və ən yaxşı həll yolu axtarmalısan. Hər halda, artıq həmin dövr geridə qaldı. Yeni baş məşqçimiz və özümü sübut etmək üçün yeni şansım var. Məni bu kluba gətirən insanların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm”.

“Həyatımda heç nəyə görə peşman deyiləm”

“Konyaspor”dakı çıxışını dəyərləndirən futbolçunun sözlərinə görə, daha yaxşısını etmək olardı: “Mən ora gedəndə yeni baş məşqçi gəlmişdi, klub çətin vəziyyətdə idi, uzun müddət qələbə qazana bilmirdi. Təlim-məşq toplanışı keçməmişdim. Bu səbəbdən komanda yoldaşlarımı yaxşı tanımırdım. Super Liqa həqiqətən güclü və rəqabətlidir. Çox oynasam və daha yaxşı statistikaya sahib olsaydım, lap xoşbəxt olardım. Mövsümün sonunda hər şey qaydasına düşməyə başladı. Ümumiyyətlə, həyatımda heç nəyə görə peşman deyiləm. Bütün bunlar məni nəinki daha yaxşı və güclü oyunçu, həm də insan edən təcrübədir”.

O, Zaqreb klubunun təlim-məşq toplanışına vaxtından əvvəl qayıtmasının səbəbini də açıqlayıb: “Qısa məzuniyyətim var idi. Toplanışa mümkün qədər tez qoşulmaq istəyirdim ki, yeni baş məşqçi İqor Bişçan məni, məni tanıya bilsin. O, keçmiş futbolçu, indi isə böyük məşqçidir. Bundan əlavə, klubun əfsanəsi, parlaq karyerası olan oyunçudur. Ona böyük hörmətim var. Oyunçuları başa düşür və bu, bizə çox kömək edir. Məşqlər çətin, eyni zamanda əyləncəlidir. Topla çox işləyirik. Mən də hamı kimi onun futbola baxışından və məşqindən razıyam. Ümid edirəm ki, hazırlıqdan sonra məşqçinin bütün istəklərini mümkün qədər yaxşı başa düşəcəyik. O, bizdən sürətli, aqressiv oyun və hücum futbolu tələb edir”.

UEFA Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq “Dinamo” bu raundda “Astana” (Qazaxıstan) – “Dinamo” (Tiflis, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Mahir Emreli “Hansı komanda ilə qarşılaşmağı daha çox istərdiniz” sualına bu cür cavab verib: “Favoritim yoxdur. Əsas odur ki, biz öz oyunumuzu göstərək. Təbii ki, bunlar çətin rəqiblərdir. Çempionlar Liqasının seçmə mərhələsində asan komanda olmur. Bundan əlavə, Qazaxıstan və Gürcüstanda mövsüm davam edir. Odur ki, bu, həmin komandalar üçün cüzi üstünlükdür. Lakin biz özümüzə və keyfiyyətlərimizə inanırıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: