“Yuventus”dan ayrılan argentinalı yarımmüdafiəçi Anxel Di Mariya gözlənildiyi kimi, Portuqaliya təmsilçisi “Benfika”ya keçib.
Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
35 yaşlı futbolçu köhnə-yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.
Anxel Di Mariya “Yuventus”a ötən mövsümün əvvəlində Fransa çempioni PSJ-dən ayrılaraq keçmişdi. O, 2022/2023 mövsümündə Turin təmsilçisinin heyətində 40 oyuna çıxıb, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.
Argentinalı ulduz daha öncə 2007-2010-cu illər aralığında da “Benfika”nın uğurları üçün çalışıb. O, Lissabon təmsilçisində 121 oyun keçirib, 15 qol və 28 assistlə yadda qalıb.
Di Mariya karyerası ərzində PSJ (295 oyun, 93 qol, 119 assist), “Real” (190 oyun, 36 qol, 85 assist), “Rosario Sentral” (39 oyun, 6 qol, 2 assist) və “Mançester Yunayted” (32 oyun, 4 qol, 12 assist) kimi klublarda da forma geyinib. O, ötən ilin sonunda Qətərdə dünya çempionu olduğu Argentina yığmasının heyətində 132 oyun keçirib, 29 qola imza atıb.



