Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Zaqreb təmsilçisi Çexiya çempionu “Sparta” (Praqa) ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.
Mahir Emreli bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. Bundan əvvəlki ÇSKA 1948 (Bolqarıstan) ilə yoxlama oyununda komandasının qələbəsinə (3:2) qolla töhfə vermiş azərbaycanlı hücumçu çexlərlə görüşdə fərqlənə bilməyib.
Xatırladaq ki, geridə qalan mövsümün ikinci dövrəsini icarə əsasında “Konyaspor”da keçirmiş Mahir, icarə müddəti bitdiyi üçün yenidən “Dinamo”nun düşərgəsinə qayıdıb. Onun yeni mövsümə bu komandada, yoxsa fərqli klubda başlayacağı hələ dəqiqləşməyib.


