Fransa milli komandasının 27 yaşlı müdafiəçisi Lukas Hernandes “Bayern”dən PSJ-yə transferi haqda fikirlərini paylaşıb.
Arena.az PSJ-nin mətbuat xidmətinə istinadən futbolçunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən müvafiq transferi çoxdan arzulayırdım və budur, bu, baş verdi. Sözsüz, bu, mənim üçün xüsusi gündür, çox şadam.
PSJ həmişə kuboklara köklənmiş iddialı klubdur. Bu komanda böyük nailiyyətlər əldə etmək istəyir. Mən ailənin bir hissəsi olmaq və çoxlu qənimətlər qazanmaq istəyirəm. Söz verirəm ki, məqsədlərimə çatmaq üçün əlimdən gələni edəcəyəm.
Bəli, yaşıma görə hələ çox şey öyrənməliyəm. Amma məni qənimətlər hər şeydən çox motivasiya edir. Mən qalib gəlmək üçün oynayıram və PSJ ilə hər şeyi qazanmaq istəyirəm”, deyə Hernandes vurğulayıb.
Geridə qalmış 2022/2023 mövsümündə Hernandes münhenlilərin heyətində 11 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatda qrup mərhələsinin 1-ci turu çərçivəsində Fransa yığmasının Avstraliyaya qarşı keçirdiyi oyunda (4:1) çarpaz diz bağlarının zədələnməsi ilə sıradan çıxaraq, mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda keçirmək məcburiyyətində qalmışdı.
Ümumilikdə Lukas “Bayern”in heyətində 107 oyuna çıxıb, 2 qol vurub, 8 məhsuldar ötürmə verib.
Hernandes Fransa yığması ilə DÇ-2018-in və 2021 mövsümündə Avropa Millətlər Liqasının qalibi olub. Həmçinin müdafiəçi DÇ-2022-nin gümüş mükafatçısıdır.
Klub səviyyəsində Hernandes “Bayern”lə 2019/2020 mövsümündə UEFA Çempionlar Liqasının, 2020 UEFA Super Kubokunun, 2020 FIFA Klub Dünya Kubokunun, həmçinin 4 dəfə Bundesliqanın, 1 dəfə Almaniya Kubokunun və 2 dəfə Almaniya Super Kubokunun qalibi olub.
“Bayern”ə qədər Lukas Hernandes Madrid “Atletiko”sunda çıxış edib, “döşəkçilər”lə 2017/2018 mövsümü Avropa Liqasını, 2018 UEFA Super Kubokunu qazanıb, 2015/2016 mövsümündə UEFA Çempionlar Liqasının finalçısı olub.


