“Samsunspor” daha iki yeni futbolçu transfer etdi

Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Samsunspor” klubu heyətinə iki yeni futbolçu cəlb edib.

Arena.az xəbər verir ki, sözügedən klub çadlı hücumçu Marius Muandilmadji və ingilis müdafiəçi Mark Bolanı transfer edib.

Bu barədə Samsun təmsilçisinin rəsmi saytı məlumat yayıb. Muandilmadji 3, Bola 2+1 illik müqaviləyə imza atıb.

Marius Muandilmadji Belçikanın “Seren” klubundan transfer edilib. 25 yaşlı forvard 2021-ci ildən oynadığı bu komandada 62 oyuna 14 qol vurub, 3 assistlə yadda qalıb. O, daha öncə “Deportivo” (Aveş) və “Portu”da da forma geyinib. Çad yığmasına da dəvət alan hücumçu millidə 9 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Mark Bola isə İngiltərənin “Midlsbro” klubundan transfer olunub. 25 yaşlı ingilis futbolçu 2020-ci ildən formasını geyindiyi bu komandada 103 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Arsenal”ın yetirməsi olan sol cinah müdafiəçisi əvvəllər “Bləkpul”, “Bristol Rovers”, “Notts Kaunti” kimi klubların da formasını geyinib.

“Samsunspor”un “Portu”da forma geyinən 29 yaşlı sağ cinah müdafiəçisi Nanunun da transferini bitirdiyi iddia olunur. Klub rəhbərliyi bu transferi yerli mətbuata təsdiqləsə də, hələ rəsmi olaraq açıqlanmayıb. Böyük ehtimalla yaxın günlərdə bu keçid də rəsmən açıqlanacaq.

Samsun klubunda qapıçı Aykut Özer ilə də yolların ayrıldığı açıqlanıb. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. 30 yaşlı qolkiper 2021-ci ildən oynadığı bu komandada 15 oyuna çıxıb, 23 qol buraxıb, 5 “quru” matç keçirib. O, “Karabükspor”, “Ayntraxt” (Frankfurt), “Fortuna” (Sittard) və “Fatih Karagümrük” klublarının da formasını geyinib, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: