Eşli Yanq “Everton”a keçmək üzrədir

İngiltərə milli komandasının sabiq futbolçusu, bu yay “Aston Villa”dan ayrılmış yarımmüdafiəçi Eşli Yanq “Everton”a keçəcək.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.

38 yaşlı yarımmüdafiəçinin “şirlər”in düşərgəsinə keçidi yaxın vaxtlarda açıqlanacaq. “Everton” Yanqı azad agent qismində heyətinə qoşacaq. Yaxın günlərdə onun tibbi müayinədən keçəcəyi nəzərdə tutulub.

Geridə qalmış 2022/2023 mövsümündə Yanq “Aston Villa”nın heyətində 32 oyuna çıxıb, 1 qol vurub. Onun Birmingem klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər.

Eşli Yanq 2021-ci ilin iyun ayından “Aston Villa”da çıxış edirdi. Müdafiəçi 2007-2011-ci illər aralığında da bu klubun formasını geyinib. O, Birmingem təmsilçisində ümumilikdə 247 matça çıxıb, 38 qol vurub, 60 məhsuldar ötürmə ilə yadda qalıb.

Yanq ölkəsində “Uotford” (110 oyun, 22 qol, 9 asist) və “Mançester Yunayted” (261 oyun, 19 qol, 43 assist) klublarının da uğurları üçün çalışıb. Ulduz futbolçu məhz “qırmızı şeytanlar”ın formasını geyindiyi dönəmdə daha çox parlayıb. 2020/21 mövsümündə isə Yanq İtaliyanın “İnter” klubunda legioner həyatı yaşayıb – 59 oyun, 5 qol, 9 asist.

Müdafiəçi İngiltərə millisinin forması ilə meydana çıxdığı 39 matçda 7 qol vurub.

“Transfermarkt” internet-portalı Eşli Yanqı 600 min avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Everton” iki futbolçusu ilə də yollarını ayırıb. Mərkəz yarımmüdafiəçisi olan Tom Devis azad agent statusu alıb və hazırda aldığı təklifləri dəyərləndirməklə məşğuldur. “Everton”un öz yetirməsi olan ingilis futbolçu bu komandada 179 oyuna çıxıb, 7 qol və 8 assistlə yadda qalıb. 25 yaşlı futbolçu İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

“Everton” gənc hücumçusu Ellis Simmsi isə “Koventri”yə satıb. 22 yaşlı futbolçunun keçidi Premyer Liqa klubuna 7 milyon avro qazandırıb. İngilis futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Doğma klubunun əsas komandasında 12 oyun keçirmiş futbolçu cəmi 1 qol vura bilib. O, “Bləkpul”, “Sanderlend”, “Hart of Midlotian” kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: