Adrian Mazilu rəsmən “Brayton”da

Rumıniyanın “Farul Konstanta” klubunun yarımmüdafiəçisi Adrian Mazilu İngiltərə təmsilçisi “Brayton”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İngiltərə klubu 17 yaşlı sağ cinah vingerinin transferi üçün 3 milyon avrosundan keçib. Amma futbolçunun yeni klubuna 2024-cü ilin yanvar ayında qoşulacağı diqqətə çatdırılıb. Həmin vaxta kimi o, indiki klubunda oynamağa davam edəcək.

Adrian Mazilu “Farul Konstanta”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 23 oyuna çıxıb, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 17 yaşı olmasına baxmayaraq, o, artıq Rumıniyanın U-21 yığmasında forma geyinir.

“Brayton” Niderlanddan olan müdafiəçisi Yan Pol van Hekke ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 23 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilin 30 iyununa kimi İngiltərə klubunun uğurları üçün çalışmağa davam edəcək.

Yan Pol van Hekke peşəkar karyerasına “NAK Breda”da başlayıb. O, 2020-ci ildən “Brayton”da forma geyinir. Amma bu müddətdə müdafiəçi “Herenven” və “Bləkbörn”də icarədə də olub. Müdafiəçi “Brayton”da cəmi 13 oyun keçirib. Niderlandın gənclərdən ibarət yığmasına oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: