Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi, əfsanəvi Roberto Karlos Karlo Ançelottinin “selesao”ya mümkün rəhbərliyindən danışıb.
Arena.az CNN-ə istinadən məlumat verir ki, Roberto Karlos müvafiq təyinata inanmır:
“Ançelottinin artıq, Braziliya millisi ilə müqaviləsi olduğuna dair məlumatlara inanmıram, çünki onun “Real”la etibarlı müqaviləsi var. Karlo məndən milli komanda haqqında soruşub, amma heç vaxt komandada işləmək istədiyini deməyib. Braziliya millisi ilə müqavilə imzalamaq barədə məlumat peyda olanda çox təəccübləndim, bu, çox qəribədir. İki müqavilə imzalamaq qeyri-peşəkarlıq olardı”, deyə Roberto Karlos bildirib.
Xatırladaq ki, daha əvvəl Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges italyan mütəxəssisin “Real”la müqaviləsi başa çatdıqdan dərhal sonra, 2024-cü ilin yayında Braziliya milli komandasını çalışdıracağını bildirmişdi. Müvafiq məlumat heç bir sənəddə rəsmi olaraq əksini tapmayıb, bu, yalnız şifahi ismarış olaraq Ednaldo Rodrigesin İspaniyaya səfəri zamanı səsləndirilib.


