Voleybol: Azərbaycan millisi Zenitsaya yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək.

Arena.az xəbər verir ki, bu məqsədlə komandamız bu gün geniş heyətlə Bosniya və Herseqovinaya yola düşüb.

Ataman Güneyligilin rəhbərlik etdiyi yığmamız Zenitsa şəhərində bir həftəlik təlim-məşq toplanışı keçəcək.

Buradakı hazırlıq çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub.

İyulun 24-də isə millimiz Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.

Xatırladaq ki, Azərbaycan millisi bu il 15 avqust – 3 sentyabr aralığında keçiriləcək Avropa çempionatında iştirak edəcək. Komandamız qitə birinciliyinə aşağıdakı geniş heyətlə hazırlaşır:

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova;

Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko;

Oyunqurucular: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova;

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligil.

Qarşıdakı qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcəklər. Azərbaycan yığması Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: