“İnter” azarkeşləri belçikalı hücumçu Romelu Lukakunun “Yuventus”a keçə biləcəyi ilə bağlı məlumata cavab olaraq bəyanat yayıblar.
Arena.az bu barədə “İnter”in rəsmi saytına istinadən məlumat verir.
“İnter” azarkeşlər birliyi “Curva Nord” “Çelsi”dən “Yuventus”a keçə biləcəyi ehtimal edilən belçikalı hücumçuya müraciət ünvanlayıb:
“Bir dəfə xəyanət edən, bunu yenə də edəcək. Bunu etməyi xoşladığı üçün deyil, bu, onların təbiətinin bir hissəsidir.
Bəli, çünki sən, Romelu, pis dövrün axarında səni qoruyan hamımızı satdın. Qoşulduğun komandanın azarkeşləri səni aşağılayanda biz səni qoruduq. İndi bizə Bruta layiq bir zərbə ilə əvəzini verəcəksən.
Sən bizim üçün candan dəyərli bir emblemi öpürdün, indi də qorxaq, ucuz muzdur kimi özünü ən baha qiymətə satırsan. Çempion olmaq üçün kişi olmaq lazımdır. Sən kişi deyilsən. Əlvida, biabırçı”, – “İnter” azarkeşləri açıqlamasında bildiriblər.
Xatırladaq ki, Lukakunun “İnter”də oynamaqdan imtina etdiyi və bunu mövsümboyu həlledici oyunlarda baş məşqçi Simone İnzaqidən etimad görməməsi ilə izah etdiyi bildirilir. Öz növbəsində “İnter” Lukakunun “Yuventus”la anlaşdığı haqda məlumatı əldə edən kimi, belçikalı hücumçu ilə əməkdaşlığa son qoyduğunu bəyan etmişdi.
“Qoca sinyora”nın rəhbərliyinin Lukaku ilə mövsümə 8 milyon avro məvacib qarşılığında 3 illik müqavilə imzaladığı haqda məlumat yayılıb. “Yuventus” “Çelsi” ilə də anlaşıb, “zadəganları” 40 milyon avroluq müqavilə razı salıb. Turin klubunun 2023-cü ilin mart ayından Lukakunun transferi üzərində işlədiyi vurğulanır.


