Niderland yığmasının və Fransa çempionu PSJ-nin yarımmüdafiəçisi Xavi Simons icarə əsasında Almaniyanın “Leypsiq” klubuna keçib.
Arena.az bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Simons qarşıdakı mövsümün sonuna kimi “Leypsiq”də icarədə olacaq. O, 2024-cü ilin iyul ayının əvvəlində PSJ-yə qayıdacaq.
Xatırladaq ki, ötən həftənin sonunda PSJ 20 yaşlı yarımmüdafiəçisini PSV-dən 6 milyon avroya geri satınalma əsasında transfer etmişdi.
Geridə qalmış 2022/2023 mövsümündə Simons PSV-nin heyətində 48 oyuna çıxıb, 22 qol vurub, 12 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Xavi Simonsu 40 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xavi Simons ötən mövsümün yekunlarına əsasən, 21 yaşa qədər futbolçuların “Golden boy 2023” mükafatına namizəd 100 futbolçu arasında 6-cı olmuşdu. PSJ-nin yetirməsi olan, bu klubun əsas komandasında 11 oyun keçirmiş Simons, Niderland millisində də 4 matça çıxıb.
Yeri gəlmişkən, “Leypsiq” sol cinah müdafiəçisi Marsel Halstenberqi də Almaniyanın digər klubu “Hannover”ə satıb. Bundesliqa təmsilçisi bu keçiddən 700 min avro qazanıb. Təcrübəli futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
“Hannover”in yetirməsi olan Halstenberq 2011-ci ildə bu klubdan ayrılaraq Dortmund “Borussiya”sı ilə müqavilə bağlamışdı. “Sankt Pauli”də də oynamış 31 yaşlı alman futbolçu 2015-ci ildən “Leypsiq”in uğurları üçün çalışırdı. O, bu komandada 240 oyuna çıxıb, 16 qol və 27 məhsuldar ötürmə müəllifi olub.
Marsel Halstenberq Almaniya yığmasında da 9 matç keçirib, 1 qola imza atıb.


