İsa Suliman rəsmən “Sumqayıt”da!

Futbol üzrə Pakistan milli komandasının mərkəz müdafiəçisi İsa Suliman bundan sonra karyerasını “Sumqayıt”da davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb. Sözügedən klub Portuqaliya təmsilçisi “Vitoriya”ya (Gimaraynş) məxsus olan, son mövsümü icarə əsasında “Vilafrankense”də çıxış etmiş pakistanlı futbolçu İsa Sulimanı transfer edib.

25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İngiltərənin Birmingem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib. “Aston Villa”nın akademiyasının yetirməsi olan futbolçu karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankense” və “Vitoriya” (Gimaraynş) klublarında çıxış edib.

İsa Suliman İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasında forma geyinib. O, Pakistan yığmasında 3 oyun keçirib.

“Sumqayıt” daha öncə Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa və Roi Kehatı da transfer etmişdi. Elvin Bədəlov və Murad Xaçayevlə isə yeni müqavilə imzalanıb. Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli isə komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: