Türkiyənin “Beşiktaş” klubu heyətini iki yeni futbolçu – müdafiəçi Daniel Amarti və yarımmüdafiəçi Jan Onana ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
28 yaşlı Amarti ilə 3, 23 yaşlı Onanayla 4 illik müqavilə imzalanıb. Daniel İngiltərənin “Lester Siti” klubundan azad agent kimi ayrılaraq “qara qartallar”ın düşərgəsinə qoşulub. Fransanın “Lans” klubundan transfer edilən Janın keçidi üçün isə “Beşiktaş” 4 milyon 37 min 500 avro ödəyəcək.
Jan Onana peşəkar karyerasına Portuqaliyanın “Leyşoyş” klubunda başlayıb. Daha sonra Fransanın “Lill” və “Bordo”, Belçikanın “Muskron” klublarında da oynamış dayaq yarımmüdafiəçisi “Lans”a ötən ilin sentyabrında 4 milyon avro qarşılığında keçmişdi. O, bu komandada cəmi 23 oyuna çıxıb. Kamerun yığmasının da üzvü olan futbolçu milli komandada 10 oyun keçirib.

Daniel Amarti isə peşəkar karyerasına Qanada başlayıb. O, “İnterneşnl Ellies”də oynadıqdan sonra İsveçin “Yurqorden” klubuna transfer edilib. 2014-2016-cı illər aralığında Danimarka “Kopenhagen”ində forma geyinmiş müdafiəçi 2016-cı ildən “Lester Siti”nin uğurları üçün çalışırdı. O, bu yay Premyer Liqanı tərk etmiş Lester təmsilçisində bütövlükdə 145 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Dayaq yarımmüdafiəçisi kimi də çıxış edən Amarti 2015-ci ildən formasını geyindiyi Qana yığmasında 51 oyun keçirib.

“Beşiktaş”ın transfer etmək istədiyi daha bir mərkəz müdafiəçisi – braziliyalı Lyanko isə tibbi müayinələrdən uğurla keçə bilmədiyi üçün geri qaytarılıb. Halbuki, İstanbula gətirilən “Sauthempton”un futbolçusu ilə bütün məsələlərdə razılıq əldə olunmuşdu.


