Futbol üzrə Almaniya milli komandasının yarımmüdafiəçisi Emre Can Dortmund “Borussiya”sı ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 3 illik (2026-cı ilin 30 iyununa qədər) yeni sözləşməyə imza atıblar. Onun klubla əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin yayında bitəcəkdi.
29 yaşlı türkəsilli futbolçu ötən mövsüm “Borussiya”nın heyətində bütün turnirlər çərçivəsində 38 oyuna çıxıb, 3 qol vurub. O, 2020-ci ilin əvvəlindən formasını geyindiyi Dortmund təmsilçisində bütövlükdə 121 oyuna çıxıb, 12 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Emre Can karyerası ərzində “Liverpul” (167 oyun, 14 qol, 12 assist), “Yuventus” (45 oyun, 4 qol, 1 assist), “Bayer” (39 oyun, 4 qol, 5 assist) və “Bayern” (7 oyun, 1 qol) kimi klubların da formasını geyinib. O, Almaniya milli komandasında da 41 oyuna çıxıb, 1 qol vurub.


