Müqavilə ilə “Neftçi”yə məxsus olan yarımmüdafiəçi Xəyal Nəcəfov icarə əsasında daha bir mövsüm “Turan Tovuz”un şərəfini qoruyacaq.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
İcarə müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.
Xatırladaq ki, ötən mövsümdə Xəyal Nəcəfov Premyer Liqada “Turan Tovuz”un heyətində hamıdan çox – 34 oyunda meydana çıxıb. O, yeni mövsümdə də 10 nömrəli formanı geyinəcək.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi “Neftçi”yə 2021-ci ilin iyul ayında “Sumqayıt”dan transfer olunmuşdu. Xəyal paytaxt klubunda 26 oyuna çıxsa da, fərqlənə bilməyib. Nəcəfov bu üç klubdan başqa Azərbaycan milli komandasında da 2 oyun keçirib.
“Turan Tovuz” daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze, Belaydi Pusi və Roderik Millerlə də yeni müqavilə bağlamışdı.
Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu, Ehtiram Şahverdiyev və Runi Eva komandanı tərk ediblər. Əvəzində Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov, Paçu, Otto Con, Brunao, Budaq Nəsirov və Aleks Serrano “Turan Tovuz”a cəlb olunub.


