Füqan Əliyev Avropa birinciliyində gümüş medal qazandı!

Ağır atletika üzrə Azərbaycan yığmasının üzvü Füqan Əliyev Rumıniyada keçirilən Avropa birinciliyində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, iyulun 26-da start götürmüş və avqustun 3-də başa çatacaq qitə birinciliyində yaşı 20 və 23-ə qədər olan gənclər yarışırlar.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) mübarizə aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bu gün millimizin üzvlərindən daha biri – Füqan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub.

Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib. O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb.

Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

Xatırladaq ki, millimizin üzvlərindən daha öncə Ömər Cavadov (U-23, 73 kq) birdən qaldırma hərəkətində qızıl medal qazanmışdı. O, yekun sıralamada 4-cü olmuşdu. Millimizin digər üzvü Əvəz Tağıyev (U-23, 55 kq) isə Avropa birinciliyini 5-ci yerdə başa vurmuşdu.

Qarşıdakı günlərdə Rahilə Hüseynzadə (87 kq) və Əli Şükürlü (109 kq) də (hər ikisi U-20) Avropa birinciliyində qüvvələrini sınayacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: